breaking news New

BDU Fransanın Lion 2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lion 2 Universitetinin hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Universitetdən Trend.az-a verilən məlumata görə, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri ətraflı qeyd edərək Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.

Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan F.Qurbanov, Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. 

Professor Giyoni Protyer öz növbəsində, Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lion 2 Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına böyük əhəmiyyət verərək, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun hüquq fakültəsi ilə Lion 2 Universitetinin hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə proqramlar, müəllim və tələbə mübadilələri, seminarlar, simpoziumlar, konfransların keçirilməsi, “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register