breaking news New
S.Cavadov, KARABIN jurnalının baş redaktoru

ОТ РЕДАКТОРА

Təhlükəsizlik bəzilərimiz üçün, xüsusilə də cavan nəslin nümayəndələri üçün, ən son sırada duran bir məsələdir. Həyatın tempi durmadan artır, insanlar həyatda nəyəsə nail olmağa tələsir, qazanc dalınca qaçır, bəzən bilərəkdən özləri üçün və ya başqaları üçün təhlükəli olan əməllərə yol verirlər.

Lakin daha yüksək sosial təbəqələrə yüksəldikcə, yaş və həyat təcrübəmiz artdıqca, biz, təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə başlayırıq, həyatda min bir əziyyətlə qazandığımız maddi və mənəvi sərvətlərimizi, yaxınlarımız və doğmalarımızı hansısa gözlənilmədən baş vermiş hadisə və ya təhlükəsiz davranış nəticəsində itirmək istəmirik.

Biz, ətrafımızda olan təhlükələri tam aradan qaldıra bilmərik. Çünki, insan yaşayırsa, fəaliyyət göstərirsə, onu mütləq müəyyən təhlükələr əhatə edəcək. Təhlükəsiz şəraitdə yaşamaq və işləmək üçün tək və ya bir qrup insanın istəyi kifayət edə bilməz. Bunun üçün bütövlükdə cəmiyyət çalışmalıdır. Hesab edirəm ki, bu gün təhlükəsizlik mədəniyyətinin yaradılmasının vacibliyi haqda danışmağın əsl vaxtıdır. O təhlükəsizlik mədəniyyətinin ki, bizə rahat və təhlükəsiz şəkildə səhər övladlarımızı məktəbə göndərməyə, ictimai nəqliyyatdan, təyyarə və metrodan istifadə etməyə, kütləvi idman və şənlik tədbirlərdə iştirak etməyə, müxtəlif əmək fəaliyyəti ilə məşğul olmağa, biznes qurmağa, biznesi inkişaf etdirməyə və qorumağa imkan verəcək. Artıq hər birimizin “Etdiyim hərəkət, atdığım addım, gördüyüm iş mənim üçün və başqaları üçün təhlükə yaradırmı?” sualını verməyimizin vaxtı çatıb.

Məndən soruşurlar: “Niyə jurnalın adını məhz “Təhlükəsizlik və Biznes” qoydunuz?” Əvvəla, təhlükəsizlik sahəsi artıq özü ayrıca bir biznes sahəsidir. Bu biznes sahəsi ilə, digər sahələrdə olduğu kimi, peşəkarlar məşğul olmalıdır, qeyri peşəkar və təsadüfi insanlar yox. Belə bir fikir formalaşıb ki, mühafizə və təhlükəsizlik xidmətində mütləq hərbidə və ya hüquq mühafizə orqanlarında təcrübəsi olan insanlar işləməlidir. Özüm, daxili işlər orqanlarında on ildən artıq müddətdə xidmət etmiş insan kimi, bu fikirlə tam razılaşa bilmirəm, çünki təhlükəsizlik xidmətinin əsas fəaliyyəti risklərin müəyyən olunması, təhlili və idarə edilməsi üzərində qurulub. Bu isə xüsusi bacarıq və məntiq tələb edir. Əlbəttə, hərbidə və polis orqanlarında təcrübəsi olan insanlar müxtəlif şəraitdə işləməyə və çətinliklərlə üzləşməyə daha öyrəncəlidirlər. Bu vacib keyfiyyətlərə risklərlə davranış və risklərin idarə edilməsi kimi bacarıqlar əlavə olunanda, əsl təhlükəsizlik xidməti mütəxəssisi yetişdirilir.

Digər səbəb isə biznesin təhlükəsizlik məsələləri ilə six bağlı olmasıdır. İstənilən biznes sahəsində fəaliyyət göstərən şirkət və təşkilatlar, orta və ali təhsil ocaqları, idman və turizm obyektləri öz inkişafını və gündəlik fəaliyyətini xoşagəlməz hallardan və hadisələrdən qorumaq üçün peşəkar təhlükəsizlik xidmətində ehtiyac duyur. Bu baxımdan, biznes sahiblərinin və təhlükəsizlik müəssisələrinin məqsədləri üst üstə düşür. Əgər birincilər mənfəət əldə etmək üçün çalışırsa, ikincilər bu mənfəəti itkilərdən qoruyur.

Ümid edirəm ki, “Təhlükəsizlik və Biznes” jurnalı bu və digər məsələləri hərtərəfli əks etdirərək, müxtəlif biznes sahiblərinin və mühafizə müəssisələrinin diqqətini qazanacaqdır. Ayrıca, özəl və dövlət mühafizə fəaliyyəti sahəsində çalışan minlərlə həmkarıma gördükləri çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

Signature

Samir Cavadov

Baş redaktor

Karabin.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register