breaking news New

TƏHLÜKƏSİZLİK MƏDƏNİYYƏTİ

TƏHLÜKƏSİZLİK MƏDƏNİYYƏTİ

 

Mədəniyyət nədir? Mədəniyyət deyəndə biz nəyi başa düşürük? Bu sualla hər bir insana müraciət etsək, yəqin ki müxtəlif cavablar alarıq. Mədəniyyət, əlbəttə, təkcə yemək yeyəndə ağzımızı kağız dəsmal ilə silmək və ya küçədə yeriyərkən yeri zibilləməmək kimi davranışlardan ibarət deyil. Mədəniyyət sözünü eşidəndə, gözümüzün qarşısına müxtəlif şeylər gəlir, məsələn, musiqi, kino, teatr, sənət əsərləri, ədəbiyyat, geyim, mətbəx, kitab, təhsil, dil, tərbiyə və s.

Mədəniyyət həm maddi sərvətlərə, həm də mənəvi sərvətlərə aid olan bir anlayışdır. Bəzən biz kiminsə barəsində danışanda, belə bir ifadə işlədirik: “filankəs çox mədəni adamdır”. Bunu deyəndə, biz şüur, ağıl, bilik, anlamaq bacarığı, inanclar, dəyərlər sahibi olan birisini nəzərimizdə tuturuq. Həmdə, bütün bunları başqaları ilə paylaşan bir insanı nəzərdə tuturuq.

Mədəniyyət sözünün müxtəlif təriflərinin içində belə bir tərif diqqəti cəlb edir:

“Mədəniyyət – bir qrup insanın ümumi məqsədlər üçün paylaşdığı dəyərlər, inanclar, biliklər və anlayışlardır”.

Bu elementlərə nəzər yetirdikdə, görürük ki, mədəniyyət insanın, daha çox, gözlə görə bilmədiyimiz daxili aləminə aid olan məsələdir. Tərifdə “bir qrup insanlar” sözləri təsadüfən yer almayıb. İşlədiyimiz kollektiv, oxuduğumuz universitet, həmin o “bir qrup insanlardan” ibarət ola bilər ki, onlar eyni dəyərləri, bilikləri və inancları paylaşmağa çalışır. Məhz buna görə deyil mi ki, biz ayrı-ayrı iri kompaniyaların, təşkilatların və korporasiyaların özlərinin korporativ mədəniyyətlərini yaratdıqlarının şahidi oluruq? Şirkətlər bəzən öz korporativ mədəniyyətlərini öhdəlik formasında ifadə edirlər. Misal kimi, BP-nin korporativ öhdəçiliyini göstərmək olar –

“No accidents, no harm to people, and no damage to the environment”.

Korporativ mədəniyyət necə yaranır? Risklərin idarə edilməsi sahəsində böyük mütəxəssis olan David Hillsonun kəşf etdiyi A-B-C modelinə görə, korporativ mədəniyyət bir qrup insanların dəfələrlə təkrar etdiyi eyni davranışdan əmələ gəlir. Davranış  – kənardan müşahidə oluna bilən hərəkətlərdən, qərarlardan, proseslərdən və ünsiyyətlərdən ibarətdir.

Davranış isə, öz növbəsində, münasibətdən yaranır, fərdin və ya bir qrup insanın müəyyən situasiyalarda müəyyən məsələlərə qarşı mövqeyindən, yanaşmasından.

safetyMan

Deməli, Hillsonun A-B-C modelinə əsasən, öncə insanlarda müəyyən məsələlərə qarşı mövqeyi, münasibəti yaranır, sonra bu münasıbət gözlə görə biləcəyimiz davranışa çevrilir, dəfələrlə təkrar olunan bu davranış isə müəyyən mədəniyyətin formalaşmasına gətirir.

Yaranmış mədəniyyət, öz növbəsində, əks əlaqə yaradır və davranışla münasibətə təsirini göstərir. Beləliklə, müəyyən dairə yaranır. Qeyd etmək lazımdır ki, modeldə göstərilən üç elementdən yalnız birini, davranışı gözlə görmək mümkündür. Digər iki elementi – münasibətmədəniyyəti – gözlə görmək mümkün deyil. Nəticədə, biz bu və ya digər şirkətdə korporativ mədəniyyəti yalnız kollektiv arasında müşahidə etdiyimiz davranışla qiymətləndirə bilərik.

İnsan daha yüksək sosial təbəqələrə yüksəldikcə, yaşı və həyat təcrübəsi artdıqca, o, təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə başlayır, həyatda min bir əziyyətlə qazandığı maddi və mənəvi sərvətlərini hansısa, gözlənilmədən baş vermiş hadisə və ya təhlükəsiz davranış nəticəsində itirmək istəmir. Hər birimiz dərk edirik ki, tək bir nəfər təhlükəsizlik mədəniyyətini yarada bilməz. Bunun üçün ətrafımızda olanlar da bu mədəniyyəti qəbul etməlidir, ona çalışmalıdır.

Danışmaq mədəniyyəti, iş yerlərində və ictimai yerlərdə davranış mədəniyyəti, mübahisə aparmaq mədəniyyəti, nitq mədəniyyəti, qida qəbul etmək mədəniyyəti və bir çox mədəniyyətlər sırasında təhlükəsizlik mədəniyyətinin də öz yerini tapması çox önəmlidir.

Təhlükəsizlik mədəniyyətinin əsas konsepsiyası ondan ibarətdir ki, insan olduğu hər bir yerdə təhlükələrdən qorunmalı və etdiyi hər bir işi, hərəkəti təhlükəsiz etməlidir. Gördüyünüz kimi, hər şey çox sadə. Bəs insan, bəzən, təhlükələri gözə alarkən, niyə bilərəkdən təhlükəsizlik qaydalarını pozur?

Mənim müşahidələrimə görə, insanlar təhlükəsizlik qaydalarını 3 halda pozur:

  1. Təhlükəsizlik qaydaları barədə məlumatlı olmadıqları hallarda;

  2. Qaydaları bilib, onlara tənbəllikdən, tələsdiklərindən və ya laqeyd yanaşaraq riayət etmədikləri hallarda;

  3. Təhlükəsizlik tədbirləri həddindən artıq narahatlıq yaratdığı hallarda.

Birinci halda, səhvi aradan qaldırmaq asandır. Ən azından, bu asan görsənir. İnsanları təhlükəsizlik qaydaları ilə məlumatlandırmaq  üçün, bəzən, onları bir araya gətirərək, bir otağa, konfrans zalına yığaraq, onları mövcud təhlükəsizlik qaydaları ilə tanış etmək kifayət edir. Bu yalnız o halda kifayət edə bilər ki, insanlar məsuliyyətlidir və şüurlu şəkildə təhlükəli şəraitdə işləmək və yaşamaq istəmir. Bu cür insanlar onları məlumatlandıran şəxsin ideya və məqsəd baxımından tərəf müqabilləridir. Onlar özləri təhlükəsiz işləmək və yaşamaq istəyir, siz sadəcə onları yeni qaydalarla tanış edirsiniz. İnsanları məlumatlandırmaq üçün digər tədbirlərdən də istifadə etmək olar, məsələn, lazımi yerlərdə vurulmuş məlumatlandırıcı lövhələr, plakatlar, nişanlar, bukletlərin paylanması, və s.

worker

Qaydaları bilib, onlara riayət etməyən insanlarla iş bir qədər daha çətindir. Bu insanlar qaydalara laqeyd yanaşır, hər zaman harasa tələsir, qaydalara riayət etməyə tənbəllik edir, ümumiyyətlə təhlükəsizlik qaydalarının artıq bir şey olduğunu düşünürlər. Bu cür insanların şüurunda dəyişiklik etmək üçün daha çox işlər görmək lazımdır. Burada təkcə məlumatlandırma yox, onlarla maarifləndirici iş aparmaq vacibdir.

İş yerlərində təhlükəsizlik tədbirləri həddindən artıq narahatlıq yaratmamalıdır, çünki bu tədbirlər əsasən maneələr və qadağalar formasında olur. Əks halda, hətta ən böyük təhlükəsizlik tərəfdarları belə bu maneələrdən yayınmağa çalışacaqlar.

Korporativ təhlükəsizlik mədəniyyətinin yaradılması zaman və zəhmət tələb edən prosesdir. Bunun üçün bütövlükdə hamının və ayrılıqda hər birimizin öz töhfəsini verməsi vacibdir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register