breaking news New

Samir Cavadov: “Şər deməsən xeyir gəlməz” sözlərini mühafizə xidmətinin sloqanı kimi istifadə edərdim.

Həmsöhbətim TitanD mühafizə müəssisəsinin mühafizəçilərin xüsusi hazırlığı üzrə baş təlimçisi, “Məlumatın Təhlükəsizliyi və Mühafizə üzrə təlimlər” sahəsində Beynəlxalq Təlimçilər Assosiasiyasının (ICTA) Müxbir Üzvü Samir Cavadovdur.

 

       –  Salam Samir müəllim. Son dəfə bir il bundan əvvəl görüşmüşdük. İşləriniz necədir?

Çox şükür, yaxşıdır. Müəssisələr, şirkətlər, obyektlər fəaliyyət göstərdikcə, bizim işimizə həmişə ehtiyac var. Onların təhlükəsizliyini həmişə qorumaq lazımdır. Mühafizə müəssisələri işin olmadığından yox, rəqabətin yüksək olduğundan şikayətlənə bilərlər.

       –  Uzun müddət mühafizə xidmətində çalışırsınız. Sizcə, mühafizəçi peşəsi çətindir ya asan?

Hər bir peşənin öz çətinlikləri olduğu kimi, mühafizəçi peşəsinin də özünəməxsus çətinlikləri var. Daim diqqətli və ayıq-sayıq qalmaq mühafizəçidən böyük konsentrasiya və fiziki enerji tələb edir.

Belə deyim, mühafizəçiyə qarşı qoyulan bu günün tələblərini nəzərə alsaq, işləmək o qədər də çətin deyil, yetər ki, fiziki cəhətdən sağlam və boylu-buxunlu olasan. Qoy gənclər mənim bu dediklərimdən inciməsin. Mənə görə, hazırda ən çətin işlərdən biri – hər hansı mütərəqqi və faydalı biznes ideyanı inkişaf etdirib iş yerləri yaratmaqdır. Hazır, uğurlu şirkətdə işləməyi hər kəs istəyər. Amma bu şirkəti yaratmaq, inkişaf etdirmək, ona sərt rəqabət şəraitində uğur qazandırmaq və insanları işlə təmin etmək bacarığı yalnız seçilmiş insanlara məxsusdur. Kimsə əziyyət çəkib biznesi qurmalıdır ki, siz bu biznes obyektini qoruyasınız. Sizcə hansı daha çətindir?

       –  Mühafizəçilər işə götürüldükdə hansı tələblərə cavab verməlidirlər?

Mühafizəçilər üçün kriteriyalar qorunan obyektin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Sənaye obyektlərinin, neft hasilatı obyektlərinin qorunmasında ümumi təhlükəsizlik qaydalarını bilməklə yanaşı, mühafizəçilərin texniki təhlükəsizlik qaydalarını bilməsi də mühüm rol oynayır. O yerdə ki, işlər hasilat, tikinti, quraşdırma və digər texniki avadanlıqlar istifadə olunmaqla aparılır, mühafizəçi özünün bilavasitə vəzifələrindən başqa əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarından da agah olmalıdır.

Xarici şirkətlərin və ya səfirliklərin mühafizəsinə cəlb olunan mühafizəçilər həmin şirkətdə işlənən xarici dili heç olmasa orta səviyyədə bilsələr, ümumi işin xeyirinə olar. Ümumiyyətlə, mən ünsiyyət yaratmaq bacarığını mühafizəçi peşəsinin əsas kriteriyalarına aid edərdim. Fikrini düzgün, başqasının anlaya biləcək formada çatdırmaq bacarığı vacibdir. Elə bir situasiya yarana bilər ki, mühafizəçi hər hansı qaydanı bilməyərəkdən pozan şəxsə həmin qaydaları izah etmək, bilərəkdən pozan şəxsə isə səhvini mədəni şəkildə bildirərək onu düzgün yola gətirmək məcburiyyətində olsun. Fikrini düzgün şəkildə ifadə etmək bacarığı, çox vaxt, onun xarici dildə və ya öz ana dilində olunmasından o qədər də asılı olmur. Məsələn, namizədlərlə müsahibə zamanı onlara çox sadə bir tapşırıq verirəm – özü barədə və ya hər hansı adi mövzu barədə iki dəqiqə ərzində durmadan danışmaq. İnanın ki, bəzən namizəd təqribən 15 saniyədən sonra, öz adı və soyadı, bitirdiyi məktəb barədə dediklərindən sonra tutulub qalır. Bu cür mühafizəçi kimə nəyi izah edə bilər?

       –  Bəs fiziki hazırlıq necə? Mühafizəçinin fiziki hazırlığı önəmli deyilmi?

Sözsüz ki, önəmlidir. Burada mühafizə əməkdaşını iki göstərici üzrə qiymətləndirmək mümkündür. Birincisi, şəxs fiziki cəhətdən sağlam olmalıdır ki, 12 saat ərzində xidmət aparmağa, lazım olarsa, açıq sahədə, yağışda, küləkdə, ayaq üstə patrul keşiyi çəkməyi bacarsın. İkinci bir tərəfdən isə, mühafizəçi nəinki özünü, lazım olarsa, digər insanları da müdafiə etməyi bacarmalıdır. Bunun üçün o, əlbəyaxa döyüş fənnindən xüsusi hazırlıq keçməlidir. Xüsusiyyət ondan ibarətdir ki, mühafizəçi hücum fəndlərindənsə daha çox özünü müdafiə fəndlərinə diqqət ayırmalıdır. Özəl mühafizə fəaliyyəti haqqında qanuna əsasən, mühafizəçiyə yalnız zəruri müdafiə və son zərurət vəziyyətində fiziki qüvvədən istifadə etmək hüququ verilir. Bu o deməkdir ki, hücum xarakterli fəndlərin tətbiqi sonradan mühafizəçinin zəruri müdafiə həddini aşmaqda ittiham olunmasına şərait yarada bilər. Bizə tez-tez boks, güləş və digər təkbətək döyüş idman növlərində nailiyyətləri olan gənclər işlə bağlı müraciət edirlər. Əlbəttə, biz onları işə götürməyə çalışırıq. Lakın onları öncədən xəbərdar edirik ki, mühafizə olunan obyekt idman meydançası, güləş döşəyi və ya boks rinqi deyil. Məqsədimiz kimisə dərin nokauta göndərmək və ya çənəsini sındırmaq deyil. Bir çox ölkədə polis və mühafizə əməkdaşları üçün ən populyar, sınanmış və effektiv idman növü kimi Ciu-Citsu idman növü sayılır. Çünki, məhz bu şərq əlbəyaxa növündə əsas önəm müdafiə fəndlərinə verilir. Məqsəd qarşında duran qayda pozucusunu minimal zərər vurmaqla zərərsizləşdirməkdir, o, fiziki cəhətdən daha qüvvətli olsa da.

       –  Bu yaxında bir mühafizə müəssisənin əməkdaşları ticarət obyektinin qarşısında kütləvi dava-dalaş salmışdılar. Buna münasibətiniz necədir?

Əlbəttə mənfi. Ayrı-ayrı biznes strukturlarının nümayəndələri arasında olan “razborka”larda mühafizə əməkdaşlarının iştirakı qətiyyən yolverilməzdir. Belə faktlar ümumən mühafizə əməkdaşlarının imicinə zərbə vurur.

       –  Bəs mühafizəçilərə silah verilməsinin tərəfdarısınızmı?

Xeyr, özəl mühafizə əməkdaşlarına silah daşımaq hüququ verilmir. Elə bir hüququn verilməsinin şəxsən əleyhinəyəm.

       –  Nə üçün?

Zənnimcə, özəl mühafizə müəssisələri və ən əsası, mühafizəçilər hələ buna hazır deyil. Silah daşımaq hüququ həm də ondan istifadə etmək hüququnu nəzərdə tutur. Bu isə əlavə məsuliyyət və hazırlıq tələb edir. Bunun üçün, ən birinci, özəl mühafizə fəaliyyətinə dair qanunvericilikdə dəyişiklik edilməli, müvafiq olaraq, xüsusi hazırlıq proqramlarına silahın tətbiqi qaydaları və atəş hazırlığı əlavə olunmalıdır, mühafizəçilər xüsusi psixoloji testlərdən keçməlidir və sair. Ən önəmlisi isə, buna ciddi əsaslar yaranmalıdır. Ölkəmizdə hazırki kriminogen durumu və stabilliyi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, buna heç bir əsas yoxdur.

Bir də ki, silah çox vaxt təhlükəni aradan qaldırmaq yerinə, əksinə, təhlükə mənbəyinə, onu daşıyan isə təcavüz obyektinə çevrilir. Polisdə işlədiyim dövrdə bunun tez-tez şahidi olmuşam. Polis əməkdaşına məhz silahını ələ keçirmək məqsədilə hücumlar olunurdu. Heç yadımdan çıxmaz, Asif adında cavan bir sıravi polis əməkdaşımız Nizami rayonunda yerləşən mebel mağazalarının birini mühafizə edirdi. Gecə vaxtı ona hücum olundu, əməkdaş qətlə yetirildi və onun silahı cinayətkarların əlinə keçdi. Mağazadan isə bir çöp belə oğurlanmamışdı. 

       –  Sizcə, mühafizə xidmətində cavanlar işləməlidir ya orta yaş nümayəndələri?

Yaxşı sualdır. Özəl mühafizə fəaliyyətinə dair qanunda yalnız aşağı yaş həddi göstərilmişdir. 20 yaşdan yuxarı hər bir ölkə vətəndaşı mühafizəçi qismində işə qəbul edilə bilər. Əlbəttə, burada digər şərtlər də nəzərə alınır. Yaşa gəldikdə isə, təcrübə və reallıq göstərir ki, mühafizəçi işinə adətən 20-26 yaş kateqoriyasından olan gənclər müraciət edir. Bu da, birinci növbədə, onunla bağlıdır ki, universiteti təzə bitirmiş gənclər özlərinə ixtisaslarına uyğun iş tapa bilmirlər. Əlacları hər yerdən kəsiləndə müraciət edirlər mühafizə müəssisələrinə. Öz təcrübəmdən deyə bilərəm ki, işlə bağlı müraciət edənlərin 10-dan təqribən 7-si universiteti təzə bitirən gənclərdir.

Şəxsən mən orta yaşlı kadrlara üstünlük verərdim. Yenə də, çox şey  iş şəraitindən və qorunan obyektin xüsusiyyətlərindən asılıdır. Amma, bir qayda olaraq, orta yaş nümayəndələri işdə daha məsuliyyətlidir. Mühafizəçinin həyat təcrübəsi də öz rolunu oynayır. Elə bir situasiya yarana bilər ki, onu təmkinliklə, götür-qoy edərək həll etmək lazım ola bilər. Çılğınlıq və dəliqanlılıq mühafizə xidmətində yaxşı sayılan xüsusiyyətlər deyil.

       –  Bəs Sizcə, mühafizəçi üçün ən yaxşı xüsusiyyətlər hansılardır?

Diqqətli olmaq, hər bir xırda detala fikir vermək və riskləri qabaqcadan görmək bacarığı. Bilirsiniz, təqribən 10-12  il bundan əvvəl biz bir xarici şirkətin dörd mərtəbəli ofis binasını qoruyurduq. Ofisdə bir yaşlı qadın xadiməmiz var idi. Bu qadın fenomenal yaddaş və diqqətlilik xüsusiyyətlərinə malik idi. Onun nəzərindən heç bir şey qaça bilməzdi. Hər gün səkkiz saat binada təmizlik işlərini həyata keçirirdi. Amma eyni zamanda – kim gəldi, kim getdi, hara getdi, hansı mərtəbəyə endi, kimin əlində nə var idi, kim özünü şübhəli apardı – hər şeydən xəbərdar idi. Hətta binanın yaxınlığında hansı avtomobilin harada dayandığına və ya park edildiyinə də fikir verirdi. Bütün işçilər və müdiriyyət də bilirdi ki, Qalibə xanım beş mühafizəçiyə dəyər. Diqqətlilik anadan gəlmə və insanın xarakterinə məxsus olan xüsusiyyət olmasına baxmayaraq, onu məşq etdirib kifayət qədər inkişaf etdirmək mümkündür.

Digər vacib xüsusiyyətlərdən biri isə riskləri qabaqcadan görüb qarşısını almaq bacarığıdır. Ümumiyyətlə, insanlar riskə münasibətlərinə görə müxtəlifdir. Kim isə ehtiyatlıdır, bir neçə addımını qabaqcadan hesablayır, kim isə lazım oldu-olmadı özünü təhlükələrə atır və daim adrenalin axtarışındadır. Özünü hər addım risk altına atan və burnunun qabağında təhlükəni görməyən şəxs yaxşı mühafizəçi ola bilməz.

       –  Mühafizəçilər adətən gündüz və gecə növbələrində işləyirlər. Bunlardan hansı daha çətindir?

Hər birisinin öz çətinlikləri var. Gündüz növbəsinin əsas çətinliyi ondan ibarətdir ki, qorunan obyekt fəaliyyətdədir və mühafizəçinin iş prosesinə bu və ya digər səviyyədə müdaxiləsi tələb olunur. Bu, xüsusilə, iri sənaye obyektlərinə aiddir.

Gecə növbəsinin öz çətinlikləri var. Bunlardan ən əsası yuxusuzluğa dözməkdir. Bir dəfə bizim mərhum baş psixiatrımız Ağabəy Soltanova televiziya vasitəsilə bir gənc mühafizəçi müraciət edərək uzun müddət gecə növbəsində mühafizəçi kimi çalışmağın sağlamlıq üçün ziyanlı olub-olmadığını soruşdu. Məşhur psixiatr ona təqribən belə sərt cavab verdi: “Günü sabah gedin, ərizənizi yazın və işdən çıxın. Siz hələ cavansınız və gecə yatmamağın təsirini hiss etmirsiniz. Bunu illər keçdikdə hiss edəcəksiniz.”

Normalda insan gecə yatmalıdır. Gündüz yuxusu gecə yuxusunu tam əvəz edə bilməz. Buna görə, mütləq və mütləq mühafizəçilər rotasiya olunmalı, gecə növbəsi ilə gündüz növbələri vaxtaşırı dəyişilməlidir.

       –  Siz uzun müddətdir mühafizəçilərin xüsusi hazırlığı ilə məşğul olursunuz. Bu sahədə vəziyyət necədir?

Yaxşıdır. İşimiz öz axarı ilə gedir. Amma lap əladır da deyə bilmərəm. Əsas çətinliyimiz müdavimlərin xüsusi hazırlıq dərslərinə davamiyyəti ilə bağlıdır. Müəssisələr mühafizəçilərini artıq işləyə-işləyə bizim təlimlərə göndərirlər. Nəticədə, əməkdaş xidmətdə olduğu günlər dərslərdə iştirak edə bilmir. Mühafizəçilər əvvəl xüsusi hazırlıq kursunu keçməli, sonra xidmətə çıxarılmalıdır. Onda hər şey öz yerində olar.

Təlim proqramları da təkmilləşdirilməli, onlara günün tələbinə uyğun yeni mövzular əlavə olunmalıdır. Məsələn, mühafizə olunan obyektlərdə məlumatın qorunması ilə bağlı problemlərin müasir zamanda daha aktual olmasını nəzərə alaraq, informasiya təhlükəsizliyi mövzusunun xüsusi hazırlıq proqramına əlavə edilməsi yaxşı olar.

Etiraf etmək lazımdır ki, bir çox müəssisələr mühafizə xidmətini yalnız kənardan ola biləcək təhlükələrə istiqamətləndirirlər. Sadə dillə desək, mühafizəçinin gözü daim hasarda və ya qapıdadır, o daim kənardan hər hansı müdaxiləni gözləyir. İçəridə baş verənlərdən isə, ümumiyyətlə, xəbərsizdir. Hasarın o tayından xəyal etdiyi “düşməni” gözləyərkən, içəridə yeməkxanadan minlərlə manatlıq oğurluq və ya yeyinti faktlarından xəbərsiz olan mühafizə xidməti kimə sərf eləyir?!

Mühafizə xidməti həm xarici, həm də daxili təhlükələrə qarşı diqqətli olmalıdır. Buna görə də, mühafizəçilərin xüsusi hazırlığı proqramları, müvafiq olaraq, hər bir sahəni özündə əks etdirməlidir.

       –  Samir müəllim, bildiyimə görə, Siz universitetlərdən birində də dərs deyirsiniz.

Bəli, mən SABAH Qruplarında “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” fənnindən dərs deyirəm. Baxmayaraq ki, müəllimlik yüküm o qədər də çox deyil – həftədə cəmi iki saat, tələbələrlə təhlükəsizlik sahəsində biliklərimi bölüşmək mənim üçün çox xoşdur. Çalışıram ki, dərslərimi daha çox praktiki və tətbiqi səmtdə qurum. Dərsdə vulkanların kraterlərindən və ya nüvə silahının partlaması diametrindən uzun-uzadı danışmaqdansa, tələbələrlə gündəlik həyatımızda rastlaşa biləcəyimiz real təhlükələri müzakirə etməyə üstünlük verirəm. Həyat göstərir ki, bizim bu gün işimizə, dərsimizə sağ-salamat gedib və evə sağ-salamat dönməmizə heç də vulkanlar və nüvə silahları deyil, adi, inanılmaz dərəcədə sadə təhlükələr və risklər mane olur. Evdə, küçədə, işdə, təhsil ocaqlarında bizi qəfil yaxalayan təhlükələr, əslində, qəfildən yaranmır. Onlar bizim davranışımızdan və yaratdığımız şəraitdən əmələ gəlir.

       –  Bilirəm ki, yol qəzalarına münasibətiniz çox sərtdir. Son dəfə baş vermiş qəzada 22 yaşlı gənc qızın piyada zolağında vurulmasına münasibətiniz necədir?

Hər bir vətəndaş kimi məni də bu kimi hadisələr hədsiz dərəcədə məyus edir. Ümumiyyətlə, yol qəzaları ən böyük və ağrılı problemlərimizdən biridir. Bilirsiniz, yol qəzaları istənilən ölkədə baş verə bilər. Qərbin ən inkişaf etmiş ölkələrində belə yol qəzaları baş verir. Fikrimcə, fərqləndirici cəhət ondan ibarətdir ki, əgər inkişaf etmiş qərb ölkələrində yol qəzaları daha çox təsadüf nəticəsində baş verirsə, bizdə qəzalar, demək olar ki, mövcud şəraitin məntiqi nəticəsidir, gözləniləndir. Məsələn, əgər siz yolun hərəkət hissəsində kanalızasiya lyukunun qapağını açıq qoyursunuzsa, yolu işıqlandırmırsınızsa,  və yaxud da, nasaz avtomobili sürətli magistralda saxlayaraq işıq əks etdirən üçbucaq qəza nişanı yerinə avtomobilin qabağına adi mişar daşı qoyursunuzsa, qəza gözlənilən olacaq və heç də təsadüfi hal olmayacaq. Əgər siz dörd zolaqlı magistralda işıqforsuz piyada zolağı qoyursunuzsa, burada piyadanın vurulması gözləniləndir. Təəssüf ki, Zıx şosesində baş vermiş son qəzada belə də oldu.

       –  Sizcə yol qəzalarında günah daha çox sürücülərdədir ya piyadalarda?

Məncə, günah qəza şəraitini yaradanlardadır. Hər bir qəzanı ayrılıqda analiz etdikdə, aydın olur ki, bu qəza bir neçə zəncirvari təhlükəli şəraitlərin məntiqi nəticəsidir. Azərbaycanda yol hərəkəti mədəniyyətinin hələ lazımi səviyyədə olmamasını nəzərə alaraq, Dövlət Yol Polisinin üzərinə çoxlu vəzifələr düşür. Birinci növbədə, maarifləndirici və preventiv tədbirlərə, məncə, daha çox önəm verilməlidir. Yol nişanları, “razmetka” dediyimiz yol zolaqları və xətləri ilə bağlı kifayət qədər qüsurlarımız var. Məsələn, piyada zolağı elə bir boya ilə çəkilməlidir ki, onu görməmək mümkün olmasın. Zolaqların da öz “ömür müddəti” var. Boya silindikdə, dərhal üzərindən yenisi çəkilməlidir. Ümumiyyətlə, yol nişanları yol hərəkəti iştirakçılarının, belə demək olarsa, sözün əsl mənasında “gözünə girməlidir”.

       –  Gələcək planlarınızdan danışın.

Elə bir böyük planlarım yoxdur. Hazırda “Təhlükəsizlik Mədəniyyəti” mövzusunda yeni seminarlar hazırlayıram. İstəyərdim ki, bu seminarları universitet tələbələrinə, gənclərə təqdim edim. Birdə ki, Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mirəli Seyidov ilə birgə yeni bir xüsusi təlim proqramı barədə düşünürəm. Son terror hadisələri göstərdi ki, dinc insanlar bıçaqla silahlanmış terrorçunun qəfil hücumu obyektinə çevrilə bilərlər. Mühafizə xidməti bu tip ağlasığmaz hücumlara da hazır olmalıdır. “Şər deməsən xeyir gəlməz” atalar sözü yadınızdadır? Mən bu sözləri mühafizə xidmətinin sloqanı kimi istifadə edərdim.

 

Könül Məhərrəmzadə

Foto: Etibar Həsənov

Karabin.az 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register